Sarina Viqman – 2023-cü ilin ən yaxşı qadın milli komanda məşqçisi

Qadın futbolçulardan ibarət İngiltərə yığmasının baş məşqçisi Sarina Viqman 2023-cü ilin ən yaxşı məşqçisi seçilib.

Arena.az məlumat verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə ən yaxşı qadın milli komanda məşqçisini elan edib.

Başa çatmaqda olan cari 2023-cü ildə təşkilatın qadın məşqçilər arasında müvafiq mükafatına (IFFHS Women’s World Best National Coach 2023) İngiltərə milli komandasının baş məşqçisi Viqman layiq görülüb.

Holland mütəxəssis nüfuzlu mükafatın qalibinin müəyyən edilməsi zamanı səsvermədə İspaniya yığmasının çalışdırıcı Xorxe Vilda ilə gərgin rəqabət aparıb. O, ispan həmkarını cəmi 4 xallıq fərqlə üstələyib. Viqman 156 xalla qalib olub. Vilda isə 152 xalla 2-ci yeri tutub. İlk üçlüyü İsveç yığmasının çalışdırıcısı, isveçli mütəxəssis Peter Gerhardsson tamamlayıb.

Xatırladaq ki, Sarina Viqman hələ 2020-ci ildə Niderland yığması və 2022-ci ildə İngiltərə yığması ilə qazandığı uğurları müqabilində müvafiq mükafatla təltif edilib. Bu il İngiltərə yığmasını futbol tarixində ilk dəfə qadınların dünya çempionatının finalına daşıdıqdan və burada İspaniya yığmasına minimal hesabla (0:1) məğlub olmasına rəğmən, Viqman 3-cü dəfə nüfuzlu mükafatı yenidən qazana bilib.

Burada bir məqamı vurğulayaq ki, Vildanın İspaniya yığması ilə dünya çempionluğunu məhz Viqmanın çalışdırdığı kollektiv üzərində qələbə sayəsində əldə etməsi, amma ispan mütəxəssisin ilin ən yaxşı məşqçisi mükafatı uğurunda məhz elə, Viqmana uduzması təəccüb doğurmamalıdır. Belə ki, ispanları uğurlara daşımasına rəğmən, Vildanın kollektiv daxilində futbolçuları ilə fikir ayrılığı və gərginlik yaşaması, onun bir çalışdırıcı kimi nüfuzuna xələl gətirib. Bu səbəbdən də müvafiq amil yekunda həlledici olub.

  1. Sarina Viqman (Niderland, İntilrərə millisi) – 156
  2. Xorxe Vilda (İspaniya, İspaniya millisi) – 152
  3. Peter Gerhardsson (İsveç, İsveç millisi) – 35
  4. Toni Qustavsson (İsveç, Avstraliya millisi) – 28
  5. Herve Renar (Fransa, Fransa millisi) – 28
  6. Futoşi İkeda (Yaponiya, Yaponiya millisi) – 15
  7. Dizayr Ellis (Cənubi Afrika, Cənubi Afrika millisi) – 12
  8. İrene Furmann (Avstriya, Avstriya millisi) – 11
  9. Reynald Pedros (Fransa, Mərakeş millisi) – 9
  10. Nelson Abadiya (Kolumbiya, Kolumbiya millisi) – 6
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: