Selim Amalla “Standard”ı “Valyadolid”ə dəyişdi

Mərakeş millisinin və Belçikanın “Standard” (Lyej) klubunun yarımmüdafiəçisi Selim Amalla İspaniyanın “Valyadolid” klubuna transfer olunub. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniya klubu bu transfer üçün “Standard”a 1 milyon avro ödəyib. 26 yaşlı futbolçu ilə müqavilə isə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.

Belçikada dünyaya göz açmış Selim Amalla bu ölkədə “Muskron” və “Tubize” klublarının da formasını geyinib. O, 2019-cu ilin iyul ayında 1.5 milyon avroya keçdiyi “Standard”da bütövlükdə 97 matça çıxıb, 31 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi Mərakeş millisində də 30 oyuna 4 qol vurub.

“Valyadolid” İtaliyanın “Verona” klubundan Martin Honqlanı, Lissabon “Sportinq”indən isə Jovane Kabralı da icarəyə götürüb. Hər iki futbolçu bu mövsümün sonunadək icarəyə götürülüb. Honqlanın müqaviləsində satınalma da nəzərdə tutulub.

Kamerundan olan Martin Honqla “Qranada”nın yetirməsidir. O, “Barselona”nın B komandasında, “Karpatı” və “Antverpen”də də oynayıb. 2021-ci ildən “Verona”da çıxış edən 24 yaşlı mərkəz müdafiəçisi bu komandada 30 oyuna 1 qol vurub. Futbolçu Kamerun yığmasında da 21 oyun keçirib.

Jovane Kabral isə “Sportinq”in öz yetirməsidir. Kabo Verde yığmasının üzvü Portuqaliya klubunun əsas komandasında 106 oyuna 21 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub. 24 yaşlı vinger 2022-ci ildə İtaliyanın “Latsio” klubunda icarədə də olub. O, millidə keçirdiyi 5 oyunda isə 1 qol vurub.

“Valyadolid” yarımmüdafiəçisi Xuan Narvaesi “Leqanes”ə, hücumçusu Şon Veysmanı isə “Qranada”ya icarəyə verib. Onlar bu mövsümün sonunadək icarədə olacaqlar. Zuhair Feddal isə La Liqa klubundan birdəfəlik ayrılıb və azad agentə çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: