Tarık Çetin “Fənərbağça” ilə yeni müqaviləyə imza atdı

Türkiyənin “Fənərbağça” klubunun 29 yaşlı qapıçısı Tarık Çetin İstanbul təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ilin yayında başa çatırdı. Amma 29 yaşlı qolkiperlə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulmuş yeni sözləşmə imzalanıb.

Xatırladaq ki, Tarık Çetin “Fənərbağça”nın yetirməsidir. Təcrübəli qolkiper cari mövsümdə Super Liqa təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb. O, bu oyunlarda 4 qol buraxıb, 1 matçda qapısını toxunulmaz saxlayıb.

Tarık bir müddət “Fatih Karagümrük”də icarədə olub, 2019-2025-ci illər aralığında isə “Rizəspor”un uğurları üçün çalışıb. O, 2025-ci ildə azad agent kimi yenidən “Fənərbağça”ya qayıdıb.

Türkiyənin U-16, U-17 və U-18 yığmalarında da oynamış qapıçıya əsas millidə debüt qismət olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: