İsmail Kartal “Turan”la oyundan danışdı: “Gözəl matç oldu”

“Fənərbağça”nın baş məşqçisi İsmail Kartal Bakıda “Turan Tovuz”a qarşı keçirdikləri yoxlama oyunundan sonra açıqlama verib.

Arena.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada İstanbul təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

İsmail Kartal Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini vurğulayıb və oyuna dəvətə görə təşəkkür edib:

“Azərbaycan, Türkiyə – iki dövlət, bir millət. Qardaşlıq bağlılığımız var. Bizi dəvət etdilər, dəvət üçün çox təşəkkür edirəm. Gözəl matç oldu, qalib gəldik. Qazanmaq və ya məğlub olmaq bizim üçün önəmli deyildi. Təşkilatçılıq və hər şey üçün təşəkkür edirəm”.

“Fənərbağça”nın gənc futbolçuları Çağrı Balta və Alaettin Ekici də qarşılaşmadan sonra fikirlərini bölüşüblər.

Komandasının ikinci qolunu vuran Çağrı Balta yaxşı mübarizə apardıqlarını və matçın onlar üçün faydalı sınaq olduğunu bildirib:

“Komanda olaraq çox yaxşı mübarizə apardıq. Bu oyun üçün həftə ərzində çalışdıq. Gözəl test oldu. Qol vurduğum üçün çox xoşbəxtəm. Hər oyunda özümü inkişaf etdirməyə çalışıram. Məşqçilərimə çox təşəkkür edirəm, mənə çox kömək edirlər. Azərbaycanda bizi çox yaxşı qarşıladılar. Onlara təşəkkür edirik”.

Alaettin Ekici isə ona şans verdiyi üçün baş məşqçiyə minnətdarlığını bildirib:

“Bu oyunda mənə şans verən məşqçimə çox təşəkkür edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Böyük qardaşlarım da mənə çox dəstək oldular. Yaxşı performans göstərdim. Gözəl hesabla qalib gəldik və xoşbəxtik. Yağışlı və soyuq havada azarkeşlərimiz ilk dəqiqədən bizi dəstəklədilər. Həmişə arxamızda olduqları üçün onlara təşəkkür edirəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: