Fermin Lopes əməliyyat olundu, DÇ-2026-nı buraxacaq

Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Fermin Lopes bu gün əməliyyat olunub.

Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir.

La Liqanın 37-ci turunda “Betis”ə qarşı keçirdikləri matçda zədələnmiş futbolçu Barselonadakı xəstəxanalardan birində uğurla əməliyyat olunub. Məlumata görə, o, təxminən iki ay yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, “Betis”lə matçdan sonrakı həkim müayinəsində 23 yaşlı futbolçunun sağ ayağının beşinci daraq sümüyündə sınıq aşkarlanmışdı.

Bu ağır zədə səbəbindən Fermin bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatını (DÇ-2026) buraxacaq.

Fermin Lopes “Barselona”nın öz yetirməsidir. Yarımmüdafiəçi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 136 oyuna çıxıb, 32 qol vurub, 28 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə 48 oyuna çıxıb, 17 qol və 17 assistlə diqqət mərkəzinə düşüb.

Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığma komandasında forma geyinir. O, milli komandanın heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: