“Selta” argentinalı yarımmüdafiəçi ilə gücləndi

İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Franko Servini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Selta” yeni futbolçunun transferi ilə bağlı digər detalları açıqlamayıb.

Franko Servi Argentinanın “Rosario Sentral” klubunun yetirməsidir. Vinger 2016-cı ildən “Benfika”da çıxış edirdi. O, Portuqaliya təmsilçisinin heyətində 143 rəsmi matça çıxıb, 20 qola imza atıb.

Yarımmüdafiəçi Argentina yığmasında 4 oyun keçirib, 1 qol vurub. Peşəkar karyerasında bütövlükdə 224 matç keçirmiş Servi, 28 qol və 37 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2 dəfə Portuqaliya çempionu olub, bir dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: