Sergey Rebrov: “Azərbaycanla Bakıdakı matç tam fərqli idi”

Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna yığmaları sabah DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada üz-üzə gələcəklər.

Sergey Rebrov matçdan öncə təşkil edilmiş mətbuat konfransında bu oyundan gözləntilərini paylaşıb. 51 yaşlı mütəxəssis Bakıda 1:1 hesablı heç-heçə etdikləri oyunda stadionun ot örtüyünün onlara mane olduğunu xüsusi vurğulayıb:

“Oyunun ilk dəqiqələrindən gücümüzü göstərməyə çalışacağıq. Xallar bizə rəqibdən daha çox lazımdır. Bakıdakı ilk matç tam fərqli idi. Meydança bizə ciddi şəkildə mane oldu. Bundan əlavə, həmin oyun bir çox futbolçu üçün millidə ilk matç idi. Ola bilər ki, buna görə həyəcan da oldu. Amma indi vəziyyət fərqlidir. Əminəm ki, uşaqlar, xüsusən də İslandiya ilə matçdan sonra daha inamlı çıxış edəcəklər. Biz artıq keçmişdə sübut etmişik ki, ikinci oyunda da keyfiyyətli oynaya bilirik. Futbolçular diqqətlərini cəmləyiblər və bu oyunun əhəmiyyətini başa düşürlər. Onlar maksimumlarını göstərməlidirlər”.

Sabah Krakov şəhərində keçiriləcək Ukrayna – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: