“Sevilya”nın yeni transferi, ispan mərkəz müdafiəçisi Serxio Ramos komandasının cari mövsümdəki hədəflərindən danışıb.
Arena.az “Estadio Deportivo”ya istinadən Ramosun bu xüsusda fikirlərini diqqətinizə çatdırır.
“PSJ-də qalmaq imkanım var idi, amma elə bir duyğu baş qaldırdı ki, bu komandadakı tarixim, artıq yazılıb. Bu pul məsələsi deyil – bu, sırf mənim hisslərim və duyumumla bağlıdır.
Ümidvaram ki, İvan Rakitiç və Xesus Navas kimi, mənim də evə qayıtmaq və başı üzərinə kubok qaldırmaq imkanım olacaq. Bilirəm ki, bu çətindir, heç kim bizə heç nə peşkəş etməyəcək, amma ilk işimiz uğura inanmaqdır. Bizim vahid komandamız formalaşır.
İnanıram ki, qənimət qazanmağa qadirik. Məsələn, La Liqanı və ya hətta UEFA Çempionlar Liqasını”, deyə Ramos “Sevilya”nın iddiasına dair fikrini açıqlayıb.
Xatırladaq ki, Ramos bir zamanlar futbolda ilk addımlarını məhz doğma “Sevlya”da atıb. Veteran futbolçu bu ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. O, öz təşəbbüsü ilə “Sevilya” rəhbərliyi ilə əlaqə saxlayaraq, doğma klubuna qayıdıb. Ramos bu sövdə müqabilində məvacibinin dəfələrlə azalmasına da razı olub. Ramos 2003-2005-ci illərdə çıxış etdiyi “Sevilya”da 49 oyun keçirib, 3 qol vurub.
Geridə qalmış 2022/2023 mövsümündə Ramos PSJ-nin heyətində 45 oyun keçirib, 4 qol vurub, 1 məhsuldar ötürmə verib. İspan müdafiəçi parislilərlə 2 dəfə Fransa çempionatını (2021/2022, 2022/2023) və Fransa Super Kubokunu (2022/2023) qazanıb.
Ramos karyerasının ən məhsuldar dövrünü “Real”da keçirib. Müdafiəçi 2015-2021-ci illərdə “Real”ın kapitanı olub. Ramos “kral klubu” ilə 5 dəfə İspaniya La Liqasını, 2 dəfə İspaniya Kral Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu, 4 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.
Serxio Ramos 2005-ci ilin martında debüt etdiyi İspaniya yığmasında 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. O, İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.
“Transfermarkt” 37 yaşlı Serxio Ramosu 4,50 milyon avro məbləğində qiymətləndirir.


