“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqası finalında PSJ-yə məğlubiyyətdən sonra (0:5) klubdakı gələcəyi haqda sualı cavablayıb.
Arena.az “Football Italia” dərgisinə istinadən, 49 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mənim klubdakı gələcəyim haqda qərar? Yaxın günlərdə baxıb-görəcəyik. Biz sakitcə oturub klubla hər şeyi müzakirə edəcəyik. Son üç il ərzində uduzulmuş iki finaldan sonra, məhz indi düşünmək üçün həddindən çox pərişanlıq var. Klubla rahatca danışmaq üçün bizim vaxtımız olacaq. Prezident və rəhbərlik bu gün bizimlə birlikdə idilər, bizi paltardəyişmə otağında dəstəkləyirdilər”, deyə İnzaqi vurğulayıb.
Simone İnzaqi “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. 49 yaşlı mütəxəssisin Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
İnzaqinin “İnter”ə rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 217 oyun, 141 qələbə, 41 heç-heçə, 35 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 427:192 nisbətindədir.
İtalyan mütəxəssis “İnter”ə bir dəfə (2023/2024) İtaliya A Seriyasını, 2 dəfə (2021/2022, 2022/2023) İtaliya Kubokunu, 3 dəfə isə (2021/2022, 2022/2023, 2023/2024) İtaliya Super Kubokunu qazandırıb.
Xatırladaq ki, Simone İnzaqi “İnter”dən öncə 2016-2021-ci illər aralığında “Latsio”ya rəhbərlik edib.


