“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda “Molde”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, Norveç təmsilçisinə 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə müsahibəsində bunları söyləyib:
“Bu gün oyunumuz çox baxımlı alındı. Avropanın yaxşı komandaları Bakıya gəlir və başıaşağı qayıdırlar. Möhtəşəm qələbə əldə etdik. Bu gün qələbə qazanmaq çox önəmli idi. Qurban müəllimlə danışmışdıq. Ona demişdim ki, zəfər ruhumuz oyunumuza təsir etməlidir. Taktiki cəhətdən hazırlıqlı idik. Bütün komandanı təbrik edirəm”.
Tahir Gözəl rəqib qapıçının bir neçə dəfə qurtarış etdiyini xatırladıb: “Onu təbrik etmək lazımdır. Möhtəşəm toplar çıxarırdı. Əsas olan odur ki, biz 3 xalımızı aldıq. Amma ən azı üç qol vura bilərdik”.
Klub prezidenti Avropa Liqasında iddialı olduqlarını vurğulayıb: “Bacardığımız qədər irəli gedəcəyik. Bu il daha da yaxşı formadayıq”.


