Tayson Fyuri yeddinci dəfə ata oldu

Superağır çəkidə WBC versiyası üzrə dünya çempionu, britaniyalı ulduz boksçu Tayson Fyuri yeddinci övladının dünyaya gəldiyini açıqlayıb.

Arena.az məlumat verir ki, Fyuri bu barədə sosial şəbəkə hesabları üzərindən paylaşıb.

Tayson öz həyat yoldaşı Perislə çəkdirdiyi şəklini yerləşdirərək “O, buradadır və mükəmməldir” yazıb.

Tayson Fyurinin 35 yaşı var. Britaniyalı boksçu peşəkar rinqdə debütünü 2008-ci ildə edib. 2015-ci ilin noyabrında isə Almaniyada səfərdə ilk dəfə dünya çempionu adı uğrunda mübarizə apararaq, əfsanəvi ukraynalı boksçu Vladimir Kliçkonun WBA (Super), IBF və WBO titullarını əlindən alıb. İki il yarım öncə Tayson Fyuri boksçu karyerasına xitam verib.

Fyuri 2018-ci ilin iyununda peşəkar boksa qayıdaraq iki isinmə döyüşündən sonra WBC çempionu Deontey Uaylderlə qarşılaşıb. Boksçular arasında ilk döyüş heç-heçə ilə başa çatıb. Lakin 2020-ci ilin fevralında baş tutmuş qisas qarşılaşmasında Fyuri amerikan boksçunu erkən dayandıra bilib. Bundan sonra Fyuri titulunu üç dəfə də müdafiə edib.

Fyuri peşəkar rinqdə keçirdiyi 34 döyüşdən 24-də nokautla olmaqla 33-də qalib gəlib, 1-də heç-heçə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: