21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu ay Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Arena.az xəbər verir ki, artıq bu görüşün yeri və vaxtı da açıqlanıb.
Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Türkiyə yığması iyunun 17-də İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda Azərbaycan millisi ilə üz-üzə gələcək. Bu oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Türkiyə yığması bundan 3 gün sonra – iyunun 20-də “Eyüp” stadionunda Bosniya və Herseqovinanı da sınağa çəkəcək.
Samir Əliyevin çalışdırdığı Azərbaycanın U-21 yığması isə həmin tarixdə Qırğızıstanla yoxlama matçında üz-üzə gələcək. Millimiz bu rəqibini Bakıda qəbul edəcək.