UEFA ötən mövsümün ən yaxşılarını açıqladı

Futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün ən yaxşıları açıqlanıb. Arena.az xəbər verir ki, qaliblər bu gün ÇL-in 2021/22 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi zamanı elan olunub.

Kişi oyunçular arasında mövsümün ən yaxşı qapıçısı adına İngiltərənin “Çelsi” klubunun qolkiperi Eduard Mendi layiq görülüb. O, 286 xalla birinci yeri tutub. “Mançester Siti”dən Ederson 154 xalla ikinci, Madrid “Real”ından Tibo Kurtua 96 xalla üçüncü olub.

Qadınlardan isə sözügedən mükafata İspaniya “Barselona”sının qapıçısı Sandra Panyos sahib çıxıb.

Ötən mövsümün ən yaxşı müdafiəçisi “Mançester Siti” klubundan Ruben Dias seçilib. O, səsvermədə 217 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Portuqaliyalı futbolçunun ən yaxın izləyicisi Sesar Aspilikueta (“Çelsi”) 115 xalla ikinci olub.

Qadınlar arasında isə ötən mövsümün ən yaxşı müdafiəçisi Fransa PSJ-sində çıxış edən İrene Paredes seçilib.

2020/21 mövsümünün ən yaxşı yarımmüdafiəçisi adına İngiltərənin “Çelsi” klubundan Nqolo Kante layiq görülüb. O, səsvermədə 263 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Fransalı futbolçunun ən yaxın izləyicisi Kevin de Breyne (“Mançester Siti”) 197 xalla ikinci olub. Kantenin komanda yoldaşı Jorjinyo isə 149 xalla üçüncü yeri tutub.

Qadınlardan isə sözügedən mükafata İspaniya “Barselona”sından Aleksie Putellas sahib çıxıb.

Çempionlar Liqasında 2020/21 mövsümünün ən yaxşı hücumçusu da açıqlanıb. Kişi oyunçular arasında bu ada Almaniyanın “Borussiya” (Dortmund) klubundan Erlinq Haland layiq görülüb. O, səsvermədə 202 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Norveçli hücumçunun ən yaxın izləyicisi Kilian Mbappe (PSJ) 154 xalla ikinci olub. “Bayern”in hücumçusu Robert Levandovski isə 104 xalla üçüncü yeri tutub.

Qadınlardan isə sözügedən mükafat İspaniya “Barselona”sından Yenni Hermosoya təqdim edilib.

Avropada 2020/21 mövsümünün ən yaxşı futbolçusu isə İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Jorjinyo elan olunub. İtaliya yığmasının da üzvü olan oyunçu, 175 xalla birinci olub. O, komanda yoldaşı Nqolo Kanteni (167) və “Mançester Siti”nin futbolçusu Kevin De Breyneni (160) qabaqlayıb.

Avropada 2020/21 mövsümünün ən yaxşı qadın futbolçusu da müəyyənləşib. Bu ada İspaniya “Barselona”sının oyunçusu Aleksiya Putellas layiq görülüb. O, 50 xalla səsvermədə komanda yoldaşları Yenni Hermoso (42) və Lyeke Martensi (40) geridə qoyub.

İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Tomas Tuxel ötən mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb. O, səsvermədə 378 xalla birinci olub. Almaniyalı mütəxəssis bu baxımdan İtaliya millisinin baş məşqçisi Roberto Mançini (292) və “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiolanı (198) qabaqlayıb.

Qadın futbolunda da mövsümün ən yaxşı baş məşqçisi bilinib. Bu ada “Barselona”nın baş məşqçisi Luis Kortes layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: