Azərbaycanı futbol üzrə Avropa Liqasında təmsil edən “Qarabağ” yeni mövsümə uğurlu start sayəsində UEFA reytinqində ölkə əmsalını artırıb.
Arena.az xəbər verir ki, bu, komandanın Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda İslandiya təmsilçisi “Vestri”ni məğlub etməsi (3:0) sayəsində mümkün olub.
Bu qalibiyyət Azərbaycana 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasını Bakıda 2:0 hesabı ilə məğlub etmiş “Sabah”, eyni zamanda Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”nu (Kutaisi, Gürcüstan) 3:0 hesabıyla yenmiş “Zirə” də reytinqə eyni töhfəni vermişdi.
Beləliklə, Azərbaycan avrokubokların yeni mövsümünün ilk həftəsində UEFA reytinqində 0,750 əmsal qazanıb.
Hazırda son beş ilin nəticələrinə əsasən hesabında 19,312 əmsal olan Azərbaycan 26-cı pillədə qərarlaşıb. 27-ci sıradakı Slovakiyanın 18,250, 25-ci mövqedəki İsrailin 20,750 əmsalı var.
Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.
Bütün komandalarımız bu rəqiblərinə qarşı cavab oyunlarına gələn həftə çıxacaqlar.


