Futbol üzrə Fransa milli komandasının hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/4 final mərhələsində Mərakeşə qarşı keçirdikləri oyunda zədə alıb.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu görüşün 77-ci dəqiqəsində zədələndiyi üçün əvəzlənib.
Madrid “Real”ına məxsus oyunçu meydanı öz ayağı ilə tərk edib və tribunadakı azarkeşləri alqışlayaraq onlara təşəkkürünü bildirib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı müayinələrdən sonra müəyyənləşəcək. Amma böyük ehtimalla bu, ona növbəti matçda iştirak etməyə problem yaratmayacaq.
Mbappe özü də Mərakeşlə oyunda aldığı zədənin ciddi olmadığını bildirib:
“Topuğuma zərbə dəydi, amma hər şey qaydasındadır”, – deyə fransalı futbolçu M6 telekanalına açıqlamasında bildirib.
Xatırladaq ki, Fransa yığması Mərakeşlə görüşdə 2:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Mbappe bu matçda bir qol vurub, bir məhsuldar ötürmə edib, eyni zamanda qazandığı penaltini qola çevirə bilməyib. Onun 28-ci dəqiqədə yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsini Mərakeş millisinin qapıçısı Yasin Bunu dəf edib.
Kilian Mbappe hazırda Argentina millisinin kapitanı Lionel Messi ilə birlikdə DÇ-2026-nın ən sərrast futbolçusudur. Hər iki oyunçunun aktivində 8 qol var.
Fransa millisi yarımfinalda İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.


