DÇ-2026-nın 1/4 finalında Mərakeşi məğlub edərək yarımfinala çıxan Fransa millisinin baş məşqçisi Didye Deşam oyundan sonra fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının ardıcıl üçüncü dünya çempionatında ilk “dördlük”də yer almasını yüksək qiymətləndirib:
“Ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəldik. Bu, kənardan adi və təbii görünə bilər, amma buna nail olmaq heç də asan deyil. Çətin oyun oldu, penalti epizodu da yaşandı. Mbappeyə gəlincə, onunla bağlı heç bir problem yoxdur. O, heç vaxt özünə inamını itirmir.
Kilianın topuq nahiyəsində yüngül zədəsi var idi və ağrı hiss edirdi. Manu Kone isə dizindən zərbə almışdı. Bu cür gərgin və sürətli oyunlarda belə hallar təəccüblü deyil.
Fransadakı insanların necə sevindiyini təsəvvür edirəm. Biz burada sanki öz dünyamızdayıq. Bu gün daha bir addım atdıq və yenidən son dörd komanda arasındayıq. Deməli, hələ də mübarizədəyik”, – deyə Deşam bildirib.
Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uahbi isə məğlubiyyətə baxmayaraq, komandasının inkişafını davam etdirəcəyini vurğulayıb:
“Etiraf etməliyik ki, çox güclü rəqibə qarşı oynadıq. İlk hissədə çətinlik çəkdik, Bunu penaltini dəf etdi.
İkinci hissədə həm müdafiədə daha yaxşı çıxış etdik, həm də topa daha sakit nəzarət etdik. Oyunumuz xeyli yaxşılaşdı. İlk hissədə bəzi futbolçuların nəfəsinin çatmadığı hiss olunurdu, amma eyni oyunçular fasilədən sonra daha yaxşı başladılar.
İlk qol mübahisəli epizoddan sonra vuruldu. Bəzi futbolçular əl oyunu gördükləri üçün dayanmışdılar. Əl ilə oyun var idi, amma bunun qayda pozuntusu olub-olmadığını dəqiq deyə bilmərəm. Daha sonra Mbappe fərdi keçidlə fərqləndi və qol vurdu.
Son dəqiqələr çox ağır keçdi. Amma biz inanmağa və işləməyə davam edəcəyik. Həmçinin zədələr və futbolçuların yorğun olduğu vaxtlarda seçim imkanımızın daha geniş olması üçün heyəti gücləndirməliyik.
Dayanmaq fikrində deyilik. Əlbəttə, çox məyusuq və daha artığını istəyirdik. Amma bu nəticəni qəbul etməliyik”, – deyə Uahbi bildirib.


