Qurban Qurbanov: “Sanki ÇL matçında idilər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya klublarının bu gün Bakıda baş tutmuş ilk görüşündə Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkür edirəm ki, stadionu tam doldurmuşdular. Sanki Çempionlar Liqasının oyununda idilər. İlk oyundan başa düşdüm ki, biz çox məsuliyyətli olmalıyıq. Azarkeşlərin bizdən gözləntisi çoxdur. Bu, bizə əlavə motivasiya və məsuliyyət verdi. Futbolçularımı təbrik edirəm. Qələbə vacib idi. Buna baxmayaraq, oyun planında narahatlığım var idi. Bəzi futbolçuların hazırlığı fərqli səviyyədədir. İkinci hissənin ortalarında yorğunluq hiss olundu. Bəzi dəyişikliklərdən sonra temp qalxdı. Sonda da 3:0 qalib gəldik. Qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Futbolçular bir-birini düzgün sığortalayırdılar. Bizi çox yaxşı analiz etmişdilər. Hesab göstərdi ki, cavab oyununda məsuliyyətli olmalıyıq. Bu oyunun bir az gərgin keçməsi xeyrimizə olacaq. “Sabah”ı və “Zirə”ni də təbrik edirəm. Çox yaxşı qalibiyyət oldu. Ümumi əmsallar da çoxalır. Bu da ölkə reytinqi üçün çox vacibdir. Hər bir komandamıza uğurlar arzulayıram.

Xoni Montielin bu gün kənarda qalması zədəyə görə deyildi. Bu gün hansısa futbolçu kənarda qaldısa, ola bilər ki, gələn oyunda oynasın. Bəzi futbolçuların hazırlığını nəzərə almalıyıq, bəzi rotasiyalar etməliyik. Cavab oyununda hansı rotasiyalar edəcəyik, buna cavab verə bilməyəcəyəm. Beş hazırlıq günümüz olacaq, futbolçuların hazırlıq durumuna baxacağıq. Əli Bəşirova gəldikdə, hazırlığın ilk günündən bizimlədir. Maksimum şərait yaradacağıq ki, kollektivin içində olsun. İmkan olduqca, oynamağa şərait yaradacağıq. Qabiliyyətli, istedadlı oyunçudur. İndidən bu atmosferə uyğunlaşdırmağa çalışacağıq. Oynamasa belə, kollektivin içində olması, məsuliyyəti hiss etməsi, tapşırıqları görməsi onun üçün təcrübə olacaq. Futbolçu kimi inkişafına böyük kömək etməsinə kömək olacağıq. Hər bir gənc üçün maksimum şərait yaradırıq. Onun üçün ən yaxşısını etməyə çalışacağıq. Ailəsində onunla ciddi ünsiyyət qururlar, klubda da onunla hamı öz övladı kimi davranır”.

Qurban Qurbanov: “Qapıçıdan başqa bütün mövqelərə oyunçu axtarırıq”

Qurban Qurbanov yeni transferlərin çıxışına qiymət verib, eləcə də transfer çalışmalarından söhbət açıb:

“Zəkəriyyə Savo hələ tam ideal formasında deyil. Öz üzərində çox çalışmalıdır. Hansısa elementlərdə yaxşıdır, hansısa elementlərdə çatışmazlıq var. Kamilo Duranın da özünəxas keyfiyyətləri var idi. Maksimum istifadə edirdik. O da komandada qalsaydı, pis olmazdı.

Elvin Cəfərquliyevin başqa klublara transferi alınsaydı, yox deməyəcəkdik. Bəzi görüşlər oldu. Detallara ehtiyac yoxdur. Komandaya qayıtdı. Hansısa futbolçumuzun kənarda qalmasını istəmərik. Amma qayda-qanun var, hamımız buna əməl etməliyik. Lazım olanda sərt reaksiyalar da verməliyik.

Mateus Silvanın da gedəcəyi barədə xəbərlər var. Maraqlananlar var idi. Amma o, yeni mövsümdə bizimlə olacaq.

Hazırda qapıçı mövqeyindən başqa digər mövqelər üzrə oyunçular axtarırıq. Julio Romao və Yassin Benzyanın klubumuza qayıtması gündəmdə deyil. Bildiyim qədərilə, Romao artıq müqavilə bağlayıb. Benzya ilə bağlı ümumiyyətlə bir fikrimiz olmayıb”.

“Qarabağ” fantastik oynadı”

“Vestri”nin baş məşqçisi Daniel Osafo-Badu isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Çox çətin oyun oldu. “Qarabağ” öz keyfiyyətini göstərdi. Rəqibimiz fantastik oynadı. Onlara qarşı oynamaq çətindir. Rəqib boşluqlardan yaxşı yararlandı. Eşitmişdim ki, kimlərsə “Qarabağ”ın bizə 10 qol vuracağını ehtimal edirlər. Oyunçularımın göstərdiyi oyundan razıyam, fəxr edirəm. Gözəl müdafiə olunduq. Üç qoldan ikisi səhvlərimizdən irəli gəldi. Amma oyunçularımdan razıyam.

Vaxtımız var. Cavab matçına ciddi fokuslanmalıyıq. Daha çox keyfiyyəti artırmalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: