“Verder”in stadionunda tribuna çökdü

Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Verder”in ev oyunlarını keçirdiyi “Vezerştadion”da qismən tribuna çökməsi baş verib.

Arena.az xəbər verir ki, hadisə iyulun 8-də stadionda aparılan tikinti işləri zamanı qeydə alınıb.

Çökmə yuxarı yarusun bir hissəsində baş verib və təxminən 1000 tamaşaçı yerini əhatə edən sektor zədələnib.

Klubun yaydığı məlumata görə, insident gündüz saatlarında baş versə də, xəsarət alan olmayıb.

Klub rəhbərliyi əlavə edib ki, tribunanın digər hissələrinin çökməsi ilə bağlı heç bir təhlükə yoxdur. Hazırda mütəxəssislər dəymiş ziyanın miqyasını qiymətləndirir və zədələnmiş hissənin bərpası üçün plan hazırlayırlar.

Qeyd edək ki, “Vezerştadion” Almaniyanın ən tanınmış futbol arenalarından biri hesab olunur və uzun illərdir Bremen klubunun ev stadionu kimi istifadə edilir. “Verder” qarşıdakı mövsümdə də ev oyunlarını məhz bu arenada keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: