Vitali Borisov: “Səhvlərimiz oldu, amma ilk matçdakı qədər yox”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Bosniya və Herseqovina yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, bu komandalar arasında Zenitsa şəhərində baş tutan ikinci yoxlama görüşü yenə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Millimiz 5 qola üzüldüyü görüşdə cəmi 1 qol vura bilib. Qarşılaşmadan sonra yığma komandanın baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Dünənki oyunla müqayisədə yaxşılığa doğru çox böyük fərq vardı. Bu gün uşaqlar çox hərəkət etdilər, demək olar, meydanın hər yerində var idilər. Səhvlərimiz oldu, amma ilk matçdakı qədər yox. 6-7 real qol epizodu yaratsaq da, cəmi birindən istifadə edə bildik. Əlbəttə, narazı qaldığım məqamlar da oldu. Dünənki oyunda rəqib qapıçısı beşinci oyunçu funksiyasını yerinə yetirən zaman çox əziyyət çəkdiksə, bu dəfə standart vəziyyətlərin yerinə yetirilməsi zamanı kobud səhvlər etdik. Biri cərimə, ikisi isə künc zərbəsindən olmaqla qollar buraxdıq. Bunun üzərində işləməliyik.

Uşaqlara təşəkkür edirəm. Dünənki məğlubiyyətdən sonra toparlanmağı bacardılar. Meydanda oyun elementləri var idi, dediklərimi yerinə yetirməyə çalışırdılar və bu, alınırdı”.

Xatırladaq ki, Azərbaycan millisi Bosniya və Herseqovinaya qarşı keçirdiyi ilk yoxlama oyununda 0:7 hesablı məğlubiyyətə üzülmüşü.