Xavyer Klemente: “Rubiales türməyə düşməlidir, sırada Tebasdır”

Keçmiş ispan futbolçu, İspaniya yığma komandasının sabiq baş məşqçisi Xavyer Klemente İspaniya futbolunun “yuxarılar”ından danışıb.

Arena.az “Mundo Deportivo”ya istinadən məlumat verir ki, Klemente İspaniya Kral Futbol Federasiyasının sabiq prezidenti Luis Rubiales və La Liqanın prezidenti Xavyer Tebasın ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu bildirib:

“Rubialesin bir neçə gün həbsdə qalmasını istərdim ki, Vilyara nə etdiyini başa düşsün. O, Vilyara etimadsızlıq səsverməsi keçirdi və Viyları deyil, Rubialesi dəstəkləyən idman komitəsinin təsdiqi ilə onu türməyə saldırdı”.

Xatırladaq ki, İspaniya Kral Futbol Federasiyasının sabiq prezidenti Vilyar 2017-ci ildə vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılmış və həbs edilmişdi.

Klemente La Liqanın prezidenti Xavyer Tebasın da cəzalanmalı olduğunu bildirib:

“La Liqanın prezidenti Xavyer Tebas – öz vəzifəsini itirməli olan növbəti şəxsdir. O, ispan futbolunu məhv edir”, deyə Klemente iddialı bəyanat verib.

2018-ci ildən İspaniya Futbol Federasiyasına rəhbərlik edən Luis Rubiales bu ay bütün dünyaya səs salan qalmaqallı adımlarına görə istefa vermək məcburiyyətində qalıb. Xavyer Tebas isə 2013-cü ildən La Liqaya rəhbərlik edir.

Xavyer Klemente 1992-1998-ci illər aralığında İspaniya yığmasında baş məşqçi olub. Bu ölkənin U-21 yığmasına da rəhbərlik etmiş 73 yaşlı mütəxəssis son olaraq Liviya millisində çalışıb. O, Serbiya, Kamerun yığmalarının da baş məşqçisi olub. Klementenin çalışdırdığı klubların da sayı kifayət qədər çoxdur. Onların arasında “Sportinq” (Xixon), “Valyadolid”, “Real Mursiya”, “Atletik”, “Espanyol”, “Tenerife”, “Olimpik” (Marsel), “Betis”, “Real Sosyedad” və “Atletiko” da var.

Xəbəri sosial şəbəkələrdə paylaş: