İngiltərə çempionu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yaxın iki ildə vəzifəsindən getmək fikrində deyil.
Arena.az xəbər verir ki, bu barədə “The Times” dərgisi məlumat yayıb.
Mənbədən alnmış məlumata görə, Qvardiola “şəhərlilər”lə müqaviləsini sona qədər icra etmək fikrindədir. Tərəflər arasında razılıq 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qvardiolaya İngiltərə hüdudlarından kənardan təkliflər gəldiyi, ancaq mütəxəssisin “Siti”də daha iki il qalmağa qərar verdiyi deyilir. Pep öz gələcəyi haqda bu müddəti başa vurduqdan sonra qərar verəcək.
Xatırladaq ki, Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atıb. Qvardiola “trebl”ə ikinci dəfə imza atımış və bunu iki müxtəlif komanda ilə etməyi bacarmış məşqçi kimi adını tarixə yazıb. Pep ilk “trebl”i 2008/2009 mövsümündə “Barselona” ilə qazanmışdı.


