Xosep Qvardiola – Premyer Liqada aprelin ən yaxşısı!

“Mançester Siti”yə rəhbərlik edən ispan mütəxəssis Xosep Qvardiola İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

“Şəhərlilər” apreldə Premyer Liqada keçirdikləri 3 oyunun hamısında qələbə qazanıblar. “Mançester Siti” “Çelsi”ni 3:0, “Arsenal”ı 2:1, “Börnli”ni isə 1:0 hesabı ilə məğlub edib.

Qvardiola bu mükafatı cari mövsümdə 2-ci, bütövlükdə isə 13-cü dəfə qazanıb. O, bu ilin fevral ayında da ən yaxşı seçilmişdi. “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson (27 dəfə) bu göstəricidə birinci yerdə qərarlaşıb. “Arsenal”da işləmiş Arsen Venger (15 dəfə) ikincidir.

Cari mövsümdə ilk belə mükafat Arne Slota (“Liverpul”) verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda Oliver Qlasner (“Kristal Pelas”), oktyabrda Ruben Amorim (“Mançester Yunayted”), noyabrda Entso Mareska (“Çelsi”), dekabrda Unai Emeri (“Aston Villa”), yanvarda Maykl Karrik (“Mançester Yunayted”), martda Mikel Arteta (“Arsenal”) ən yaxşı seçilmişdi.

55 yaşlı Xosep Qvardiola “Mançester Siti”yə 2016-cı ilin yayından rəhbərlik edir. O, “şəhərlilər”i indiyə qədər 588 oyuna çıxarıb, 420 qələbə, 76 heç-heçə və 92 məğlubiyyət görüb.

Qvardiola “Mançester Siti” ilə bütün mümkün titulları qazanıb. O, daha öncə “Barselona” və “Bayern”ə də rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: