Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 33-cü turu çərçivəsində keçirilmiş “Əl-Şabab”la oyunun iştirakçısı olub.
Ronaldonun komandası səfər oyunundan qələbə ilə ayrılıb – 4:2. Portuqal futbolçu bu matça start heyətdə başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. Komandasının üçüncü qolunu da Kristiano vurub. O, 75-ci dəqiqədə Sadio Manenin ötürməsindən sonra fərqlənib. Digər 3 qolu isə het-trikə imza atmış Joao Feliks vurub.
Ronaldo vurduğu bu qolla Səudiyyə Ərəbistanı çempionatında 100-cü qolunu rəsmiləşdirib. Portuqaliyalı hücumçu buna 105-ci matçında nail olub. Ümumi karyerasında isə Ronaldo 971-ci qoluna imza atıb.
“Əl-Nəsr” 33 turdan sonra 82 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda keçirdiyi 32 oyunda 27 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 34 oyuna 28 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 139 oyun, 121 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.
Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 41 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


