“Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Sabah”a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu haqqında fikirlərini bölüşüb:
“Oyuna yaxşı hazırlaşmağa çalışırıq. Rəqib Azərbaycan Premyer Liqasında çempionluğu təmin edib, əhval-ruhiyyələri yüksəkdir. Mövsüm ərzində möhtəşəm və əla oyun nümayiş etdiriblər. Finalda kimə qarşı oynayacağımızı başa düşürük. Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq”.
Rəşad Sadıqov üçüncü dəfə ölkə kubokunun finalında oynayacaqlarını xatırladıb:
“Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq. Hər ikisində də yaxşı mübarizə aparmışdıq. Yaddaqalan finallar olub. Amma turnirin qalibi ola bilməmişik. Bu dəfə “Sabah” komandası ilə üz-üzə gələcəyik. Hamımız bilirik ki, ötən mövsüm Azərbaycan Kubokunun qalibi olublar, əzmkar qələbə qazanıblar”.
Xatırladaq ki, Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün finalında “Sabah” və “Zirə” komandaları üz-üzə gələcəklər. Qarşılaşma mayın 13-də “Neftçi Arena”da baş tutacaq. Həlledici oyuna saat 20:00-da start veriləcək.


