“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, 49 yaşlı mütəxəssis “Zirə”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu haqqında fikirlərini bölüşüb:
“Bizim üçün Azərbaycan Premyer Liqasının qalibi olmaq böyük mükafat idi. Ancaq başqa bir titul da var. Azərbaycan Kubokunu da qazanmağa çalışacağıq. Bunu etsək, bizim üçün fantastik, tarixi nəticə olacaq. Hər kəs bu tarixin, uğurun bir parçası olmaq istəyir. Bu matçlarda xırda detallar qalibi müəyyən edir”.
Dambrauskasun sözlərinə görə, “Zirə” çox yaxşı komandadır:
“Heç vaxt təslim olmurlar. Onlar bizi təəccübləndirə bilərlər. Amma elə dönəmdəyik ki, buna yer yoxdur. Çünki rəqibi çox yaxşı tanıyırıq. Onların nələr edə biləcəyini bilirik. Lakin final matçında psixoloji amil və fərdi mübarizələr də önəmlidir. Çox yaxşı oyun olacağını düşünürəm. Azarkeşləri final günü stadiona dəvət edirəm. Kuboku qazanacağımıza ümid edirəm”, deyə Dambrauskas bildirib.
Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında “Sabah” və “Zirə” komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də “Neftçi Arena”da baş tutacaq. Həlledici oyuna saat 20:00-da start veriləcək.


