“Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç 8 oyunluq cəza alıb, Ağdam klubu isə 70 000 manatdan çox cərimələnib.
Arena.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Belə ki, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarındakı qayda pozuntularına hüquqi qiymət verilib.
Azərbaycan Kuboku
“Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” oyununda “Sabah”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. “Sabah”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə paytaxt komandası 2000 manat cərimə edilib. “Sabah”ın azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə sözügedən klub 6500 manat cərimə edilib. “Sabah”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt komandası daha 3000 manat cərimə ödəyəcək.
“Sabah” – “Qarabağ” oyununun 37-ci dəqiqəsində “Qarabağ”ın qapıçısı Mateus Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Ağdam komandası 1000 manat cərimə edilib.
Oyun bitdikdən sonra “Qarabağ”ın futbolçusu Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyunluq cəza alıb. “Qarabağ” buna görə 25500 manat cərimə edilib.
“Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Ağdam komandası 2000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən dəfələrlə pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam komandası 7000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə sözügedən klub 8000 manat cərimə edilib.
“Qarabağ”ın azarkeşlərinin olduğu sektorda zərər və dağıntı törədildiyinə görə Ağdam komandası 5000 manat cərimə edilib. Stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər “Qarabağ” tərəfindən qarşılanacaq.
Oyun bitdikdən sonra “Qarabağ”ın məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyunluq cəza alıb. “Qarabağ” buna görə 18000 manat cərimə edilib.
Oyun bitdikdən sonra “Qarabağ”ın əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəza alıb. “Qarabağ” buna görə 8000 manat cərimə edilib.


