“Əl-Nəsr”in azarkeşləri “Damak”la oyunda (2:1) komandanın superulduzu Kristiano Ronaldonu nəhəng lövhədə superqəhrəman kimi təqdim ediblər.
Arena.az məlumat verir ki, 38 yaşlı Ronaldo iyun ayında Avro-2024-ün seçmə mərhələsində İslandiya ilə oyunda (1:0) Portuqaliya yığmasının heyətində 200-cü oyununu keçirərək tarix yazıb.
“Əl-Nəsr” azarkeşləri bu uğura işarə olaraq, aralarında “CR7” və “200” sözləri yazılmış nəhəng lövhə açaraq futbolçunu təbrik ediblər. Qaldırılmış başqa bir lövhədə “Cəngavər hələ də parlayır” yazılıb.
Ronaldo belə isti qarşılanmaya görə azarkeşlərə dəfələrlə təşəkkür etdi – Kristiano əli ilə ürəyinə döyərək pərəstişkarlarını diqqət və təşəkkürünü bildirib.
Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 12 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar verib.
Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 203 oyun keçirib, 127 qol vurub və 45 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. O, yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.



