Lionel Messi daha 3 il “İnter Mayami”də! – Rəsmi

Futbol üzrə Argentina millisinin və ABŞ klubu “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi MLS təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə Mayami klubunun rəsmi saytına istinadən xəbər verir.

Yeni sözləşmə 2028-ci ilin 31 dekabrına qədər nəzərdə tutulub. Futbolçunun əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin sonunda bitəcəkdi.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 43 oyuna 37 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 82 oyun, 71 qol və 37 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 195 oyun keçirib, 114 qol vurub və 63 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: