Futbol üzrə Yamayka yığma komandasının baş məşqçisi, tanınmış ingilis mütəxəssis Stiv Maklaren vəzifəsindən istefa verib.
Arena.az bu barədə Yamayka Futbol Federasiyasının (JFF) rəsmi saytına istinadən məlumat verir.
İstefaya onun rəhbərlik etdiyi komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub. Amerika zonası üzrə seçmə mərhələnin B qrupunda Kurasao ilə qolsuz bərabərliklə bitən görüşdən sonra Yamaykanın DÇ-2026-nın əsas mərhələsinə birbaşa vəsiqə qazana bilməyəcəyi dəqiqləşib. Buna baxmayaraq, yamaykalılar hələ pley-off görüşlərində bu istəklərinə çata bilərlər.
Kurasao seçmə mərhələni 12 xalla lider başa vurub. Yamayka millisi isə 11 xalla ikinci olub. Trinidad və Tobaqo 9 xalla üçüncü, Bermud 0 xalla sonuncu – 4-cü yerdə qərarlaşıb.
Xatırladaq ki, Stiv Maklaren 2024-cü ilin yayında Yamayka yığmasına baş məşqçi təyin edilmişdi. O, sözügedən komandanı bütövlükdə 23 oyuna çıxarıb. Yamaykalılar bu görüşlərdə 11 qələbə qazanıblar, 6 heç-heçə ediblər, 6 məğlubiyyətə üzülüblər.
Maklaren məşqçiliyə 2001-ci ildə “Midlsbro”da başlayıb və 2006-ya kimi bu komandaya rəhbərlik edib. 63 yaşlı mütəxəssis vaxtilə İngiltərə millisini də çalışdırıb (2006-2007). O, karyerası ərzində “Tvente”, “Volfsburq”, “Nottingem Forest”, “Derbi Kaunti”, “Nyukasl Yunayted”, KPR kimi klublarda da baş məşqçi olub, “Mançester Yunayted”də baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.


