Emin Mahmudov: “Heyət geniş olsaydı, bizim üçün daha asan olardı”

“Neftçi”nin kapitanı Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb. Arena.az həmin müsahibəni təqdim edir.

  • Bu mövsüm komandanın avrokuboklardakı çıxışını necə dəyərləndirirsiniz?
  • Daha yaxşı oynaya bilərdik. Finlandiyanın HJK klubunu keçmək olardı, amma çox təəssüf ki, buna nail olmadıq və azarkeşlərimizi sevindirə bilmədik.
  • Uğurlu mübarizə aparmaq üçün nə çatmır?
  • Çatışmazlıqlar çoxdur. Əvvəla daha yaxşı mübarizə aparmalıydıq. Bundan əlavə, təbii ki, heyətimiz geniş olsaydı, bizim üçün daha asan olardı.
  • Necə düşünürsünüz, “Makkabi” səddini keçib, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəksinizmi?
  • “Makkabi” çox güclü komandadır. Hayfa klubu xüsusilə evdə yaxşı oynayır. Buna baxmayaraq, qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki artıq başqa yolumuz yoxdur.
  • 2019/2020 mövsümündə İsrailin başqa bir klubu – “Bney Yehuda”nın qapısına yol tapmışdınız. Eyni aqibəti “Makkabi”yə yaşada biləcəksiniz?
  • Çox heyf ki, həmin qol bizə kömək etmədi. Son dəqiqələrdə penalti ilə hesab arasındakı fərqi azaltsam da, bərabərlik qolunu vurmağımıza vaxt qalmadı. Əlbəttə, “Makkabi”yə də qol vurmağa çalışacağam.
  • Ümumilikdə 15 oyundan 7 qolla avrokuboklarda klubun bombardirisiniz. 2019/2020 mövsümündə 6 oyunda 3 qol vurmusunuz. Bu mövsümdə də artıq eyni göstəricini təkrarlamısınız. Qarşıda azı 2 oyun keçirəcəyinizi nəzərə alsaq, rekordunuzu yeniləyə bilərsiniz?
  • Çox sevindirici haldır ki, avrokuboklarda komandamızın bombardiriyəm. Hər yeni mövsümdə daha yaxşı çıxış etməyə çalışıram. Amma əsas olan mənim qol vurmağım deyil, komandamızın uğur qazanmasıdır.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: