Futbol üzrə Uruqvay milli komandasının sabiq qapıçısı Fernando Muslera peşəkar futbolçu karyerasını başa vurmaq qərarına gəlib.
Arena.az xəbər verir ki, 40 yaşlı qapıçı bu barədə Libertadores Kubokunun finalında “Estudiantes”in “Palmeyras”a 0:1 hesabı ilə məğlub olmasından sonra açıqlama verib:
“Bununla da hər şey bitdi. Mən xoşbəxt gedirəm. Şəxsi baxımdan, nəticədən asılı olmayaraq, karyeramı möhtəşəm şəkildə başa vururam”, – deyə Muslera bildirib.
Muslera 2025-ci ilin yayından “Estudiantes”də çıxış edirdi. Uruqvaylı qapıçı bundan əvvəl ölkəsində “Montevideo Uonderers” və “Nasyonal”, İtaliyada “Latsio”, Türkiyədə isə “Qalatasaray”ın formasını geyinib.
“Latsio” ilə 2009-cu ildə İtaliya Kuboku və İtaliya Super Kubokunu qazanmış Muslera “Qalatasaray”da keçirdiyi uzunmüddətli karyerası ərzində 8 dəfə Türkiyə çempionu, 6 dəfə super kubok və 5 dəfə ölkə kubokunun qalibi olub.
Uruqvay millisində 137 oyun keçirmiş Muslera bu göstəriciyə görə yığmanın tarixində üçüncü sıradadır. O, milli komandadakı karyerasını 2024-cü ilin aprelində başa vursa da, 2026-cı il dünya çempionatında iştirak etmək üçün yenidən yığmaya qayıdıb.
Fernando Muslera ümumilikdə 5 dünya çempionatında – 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə iştirak edib. 2010-cu ildə Uruqvay mundialı 4-cü pillədə başa vurub. 2011-ci ildə isə Musleranın da heyətində olduğu Uruqvay millisi Amerika Kubokunu qazanıb. Bu, yığmanın tarixində sonuncu qitə çempionluğudur.


