Azərbaycan millisi FİFA reytinqində gerilədi

Futbol üzrə Azərbaycan millisi FİFA reytinqində geriləyib. Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün 2022-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Komandamız 2021-ci ilin dekabr ayında açıqlanmış son cədvəllə müqayisədə 1 pillə geriləyib. Azərbaycan millisi hazırda 121-ci pillədə qərarlaşıb. Canni De Byazinin çalışdırdığı yığmamızın hesabında yenə 1139.02 reytinq xalı var.

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərinə gəlincə, Slovakiya 1455.36 xalla 46-cı, Belarus 1233.43 xalla 94-cüdür. Potensial rəqiblərimiz olan Qazaxıstan 1140.71 xalla 120-ci, Moldova isə 926.85 xalla 181-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinin ilk 3 pilləsində Belçika (1828.45), Braziliya (1823.42) və Fransa (1786.15) yer alıb. Türkiyə yığması isə 1472.72 xalla 39-cu sıradadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: