Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunun “Qəbələ” – “Zirə” oyunu yarıda qalıb. Arena.az xəbər verir ki, Qəbələyə yağan güclü qarla əlaqədar matç 65-ci dəqiqədə dayandırılıb.
Hakimlər məcburi fasilə elan edərək meydançanın qardan təmizlənməsini istəyiblər. Lakin bu yöndə aparılan iş istənilən nəticəni verməyib. Bu üzdən də yekunda matçın təxirə salınmasına qərar verilib. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sözügedən matç sabah – martın 14-də davam edəcək. Qarşılaşma saat 12:30-da Qəbələ şəhər stadionunda dayandırıldığı dəqiqədən etibarən keçiriləcək. Xatırladaq ki, həmin dəqiqəyə qədər bu oyunda hesab açılmamışdı – 0:0.
Peşəkar Futbol Liqasının digər qərarı ilə turun qapanış matçının da vaxtı dəyişdirilib. Belə ki, Qəbələdəki görüşdə yaşananlarla əlaqədar bu gün keçirilməli olan “Neftçi” – “Sumqayıt” görüşünün başlama saatında dəyişiklik edilib. Matç öncədən nəzərdə tutulduğu kimi, saat 18:15-də yox, 18:45-də start götürəcək.


