PFL azarkeşlərlə bağlı məhdudiyyəti ləğv etdi

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan çempionatlarındakı azarkeş limiti ilə bağlı dəyişiklik edib. Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alan PFL azarkeş limiti ilə bağlı dəyişiklik edib. Ümumi məsləhətləşmələrdən sonra 30 mart, 1 apreldə keçiriləcək Birinci Divizionun 19-cu və 2-3 aprel tarixlərində baş tutacaq Premyer Liqanın 21-ci turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib.

Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq.

Xatırladaq ki, bundan əvvəlki qərara əsasən, Azərbaycanda futbol oyunları zamanı stadionlara azarkeş tutumunun 50 faizi qədər tərəfdar buraxılırdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: