“Keşlə” Futbol Klubunun “Şamaxı” adlandırılması üçün hüquqi prosedurlar öz bəhrəsini verib. Arena.az xəbər verir ki, AFFA və Peşəkar Futbol Liqası artıq sözügedən klubun bundan sonra “Şamaxı” adlandırılması üçün heç bir maneənin qalmadığını açıqlayıb.
Bu barədə sözügedən qurumların rəsmi saytı məlumat yayıb. Öncə AFFA-nın açıqlamasına diqqət yetirək:
“AFFA-nın Lisenziyalaşdırma Qrupu “Şamaxı” Futbol Klubunun “Keşlə” FK-nın varisi kimi tanınması və “3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün UEFA-ya müraciət etmişdi.
UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Feyr Pley” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir. İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müvafiq müraciəti nəzərə alınıb. Təqdim olunmuş sənədlərə əsasən UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) tərəfindən müsbət qərar qəbul edilib”.
Peşəkar Futbol Liqasının açıqlamasında isə bunlar qeyd olunub:
“Keşlə” futbol klubu ad dəyişikliyi ilə bağlı UEFA, AFFA və PFL-ə müvafiq qaydada rəsmi müraciət edib. Bütün hüquqi prosedurlar yekunlaşdıqdan və sənədlər tam şəkildə təqdim olunduqdan sonra PFL “Şamaxı” futbol klubunu “Keşlə” futbol klubunun tamhüquqlu xələfi olaraq qəbul edib.
“Şamaxı” futbol klubu ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək”.
Qeyd edək ki, artıq PFL Premyer Liqanın 22-ci turunun proqramını da açıqlayıb. Sözügedən komanda növbəti turda “Neftçi”ni qəbul etməlidir. “Şamaxı” – “Neftçi” matçının aprelin 9-da məhz Şamaxı şəhər stadionunda keçiriləcəyi diqqətə çatdırılıb. Oyuna saat 14:00-da start veriləcək.



