Lukas Rangel də “Sabah”dan getdi

Sabah” braziliyalı hücumçusu Lukas Rangel ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı forvardla mövsümün sonunda başa çatan icarə müqaviləsi yenilənməyib. Rangelə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Lukas Rangel 2021/2022 mövsümünün ikinci yarısında Ukrayna “Vorskla”sından icarəyə götürülmüşdü. Braziliyalı futbolçu Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra məcburiyyətdən bu ölkəni tərk etməli olmuşdu. O, yenidən Ukrayna klubuna qayıdıb.

“Sabah” daha öncə Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes, Səlahət Ağayev, Xuan Kamara və Mixail Erqemlidze ilə də yollarını ayırmışdı. Həmçinin Samir Məhərrəmli “Kəpəz”ə, Veysəl Rzayevlə Şakir Seyidov isə “Turan Tovuz” icarəyə verilib.

Əvəzində paytaxt klubu Tellur Mütəllimov, Anatoli Nuriyev, Davit Volkov, Namik Ələskərov, Con İrasabal və Abdulaye Ba kimi futbolçuları transfer edib. Nicat Mehbalıyev “Qəbələ”dən icarədən qayıdıbsa, Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov, Bəxtiyar Həsənalızadə və Ceyhun Nuriyevlə də yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: