İngiltərənin “Arsenal” klubu Fransadan olan mərkəz müdafiəçisi Vilyam Saliba ilə müqavilənin müddətini artırıb.
Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Yeni müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Sözləşmə avtomatik olaraq daha bir il uzadılma maddəsini özündə ehtiva edir.
Xatırladaq ki, Salibanın “topçular”la əvvəli müqaviləsinin müddəti 2024-cü ilin iyun ayının sonuna qədər idi.
2022/2023 mövsümündə Saliba “Arsenal”ın heyətində 33 oyun keçirib, 3 qol vurub, 1 məhsuldar ötürmə edib. O, komandası ilə İngiltərə Premyer Liqasının “gümüş”ünü qazanıb.
Vilyam Saliba peşəkar karyerasına Fransanın “Sent Etyen” klubunda başlayıb. O, 2019-cu ilin iyulunda 30 milyon avro qarşılığında “Arsenal”a keçib. Müdafiəçi “topçular”ın heyətində meydana çıxdığı 33 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Saliba “Arsenal”da olarkən “Sent Etyen”, “Nitsa” və “Olimpik” (Marsel) kimi komandalarda icarədə də oynayıb. O, Fransa milli komandasında 8 oyun keçirib.
“Transfermarkt” internet-portalı Vilyam Salibanı 65 milyon avro məbləğində qiymətləndirir.
“Arsenal” ötən gün digər futbolçusu Ris Nelsonla da yeni müqavilə bağlandığını açıqlamışdı. Alman hücumçu Kay Havertsi transfer edən London klubu Qranit Cakanı “Bayer”ə, Pablo Marini də “Montsa”ya satıb.



