“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 3:3.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hər iki komandanın futbolçularına, azarkeşlərinə təşəkkür edirəm. Bu, sırf azarkeşlər üçün olan oyun idi. Yaxşı mübarizə, yaxşı dinamika, çoxlu qol… Hər iki komandanın futbolçuları məğlub olmağı haqq etmirdilər. Ona görə də hər iki komandanı oyununa görə təbrik edirəm. Fikrimcə, çempionatın ən maraqlı oyunlarından biri oldu.
Qarşımızda çox bərk komanda var idi. “Neftçi” intizamlı kollektivdir. Rəqibi öz oyununu oynamağa qoymurlar, maksimum buna fokuslanıblar, bunu yaxşı icra edirlər. Amma futbolçularımız çox da əsəbiləşmədilər, səbirli oldular, sona kimi öz oyunumuzdan əl çəkmədik. Yaxşı sonluq oldu. Amma özümüzdə də bir az çatışmazlıqlar var. Hələ heyət tam formalaşmayıb, futbolçular tam adaptasiya müddəti keçməyiblər. Yeni gələn oyunçularda sanki hamı zədə prosesindən keçir. Vacib olan onların xarakteri idi. Bundan əvvəlki oyunlarda da oyun baxımından çatışmazlıqlarımız var idi, amma xarakter göstərirlər. Daha yaxşı olmağa gücümüz var, borcluyuq da. Zamanla futbolçuları daha yaxşı idman formasına gətirib çıxaracağıq”.
“Nə qədər ki, buradayam, iddiamızı qoruyub saxlayacağıq”
Qurban Qurbanov komandasının bu mövsüm avrokuboklardan kənarda qalmasına da yenidən toxunub:
“Futbolda belə bir şey yoxdur ki, hər il biz güclü olmalıyıq, çempion olmalı, kubok qazanmalıyıq. İstəyərdik ki, daha yaxşı olaq, titulumuzu qoruyub-saxlayaq. Amma “Sabah”, “Neftçi” bu cür oyunlar göstərirlər. “Neftçi” həm “Sabah”la görüşdə, həm də bizimlə oyunda fərqli oyun göstərməklə bərabər, fərqli yanaşma nümatiş etdirdi. Hər bir klubda böyük inam var. Azərbaycanlı kimi buna sevinirəm. Bəli, bizə asan olmaya bilər. Amma bu, futbolumuzun gələcəyi, çempionatın səviyyəsi baxımından daha vacibdir. Həm yaxşı məşqçilər gəlir ölkəmizə, həm təcrübəli futbolçular. Bizim üçün faydalıdır”.
Bu gün sizə tam əminliklə deyə bilmərəm ki, bu futbolçularla istədiyim nəticəni əldə edə biləcəyəm. Onlardan üstün də gəlsə, deyə bilmərəm. 13 il idi avrokuboklarda qrup mərhələsində oynayırdıq. Bu il yaxşı rəqiblərə, titullu komandalara qarşı oynadıq. Hər bir oyunda çox yaxşı futbol göstərdik. Avropa təcrübəmizi göstərə bildik. Sofiyada 120 dəqiqə oynasaq da, sona qədər inam var idi, rəqib çox bərk komanda idi. “Tvente” ilə buradakı oyunda oyun baxımından problemlərimiz oldu, amma nəticə əlimizdə idi. Bəzi oyunçularımız zədələndi, rotasiyalar oldu. Geri dönmək asan deyildi. Bəzən müzakirələr edəndə, avrokuboklar haqda danışırıq. Təsirlənirik. Hər bir halda, peşəkar idmançılarıq. Hər il avrokubok olmaya bilər, məcburiyyət yoxdur ki, biz orada olmalıyıq. İşimiz daha yaxşı olmağa çalışmaqdır, oyunlara yaxşı hazırlaşmaqdır. Rəhbərlik də bunu başa düşür, qəbul edir. Azarkeşlər daha artığını istəyirlər. Əmin olsunlar ki, işimizin 60-70 faizində onları düşünürük. Bu komandanın adı “Qarabağ”dır, buradakı məşqçilər korpusunda, rəhbərlikdə arxayınlaşma və məsuliyyətsizlik ola bilməz. Torpaqlarımızı geri qaytarmışıq, başımız dikdir. Amma o demək deyil ki, işimiz dayandı və məğlubiyyəti ciddiyə almayacağıq. İnanıram ki, komandanın qətiyyəti qalacaq. Ola bilər ki, nəticə iki il sonra olsun. Amma nə qədər ki, buradayam, iddiamızı qoruyub saxlayacağıq”.
“Necə oyun qurmaq lazım olduğunu bilməliyik”
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub isə heç-heçəyə belə şərh verib:
“Bu, idmandır, futboldur. Bəzi hallarda olur ki, 0:3 olur, sonra 3:3, ya da 4:3 uduzursan. Əsas odur ki, nəticə çıxarmaq lazımdır. Derbidir. Burada heç kim uduzmaq istəmir. Əlbəttə, bu, bizə heç bir bonus vermir. Mütləq qələbə qazanmaq lazım idi.
Azərbaycanda “Neftçi” və “Qarabağ”ın oyunları derbi hesab olunur. Bu iki klub Azərbaycan çempionatında 1000 oyun keçirib. Bu da artıq çox şey deyir. Bu, onu göstərir ki, düz yoldayıq. “Neftçi”nin daha güclü olması üçün işimizə davam edəcəyik. Hər zaman sona qədər mübarizə aparacağıq. Hədəfimiz ən yuxarıda olmaqdır. Necə olacağını çempionatdakı növbəti oyunlar göstərəcək. Bu günə qədər çempionatın 1/4 hissəsi geridə qalıb. Qarşıda bizi 25 oyun gözləyir. Kim ən doğru yolla davam etsə, qələbə də onun olacaq.
İnanın ki, hər oyunu ciddi təhlil edirik. Ola bilər ki, 40 dəqiqə ərzində nəzəriyyədən danışırıq, bəlkə bəzilərinin xoşuna gəlmir. Amma düşünürəm ki, futbol şahmat kimidir. Topu qabağa vurmaqla bitmir. Necə oyun qurmaq lazım olduğunu bilməliyik. Əgər bunu etməyi öyrənsək, daha yaxşı olacaq.
Bizim iki güclü azərbaycanlı qapıçımız var. İkisi də yaxşı qapıçıdır. Emil Balayevin 38 dərəcə hərarəti var idi. Oyuna Rza Cəfərov çıxdı. Səhvlər ola bilər. Hətta mən deyim ki, Avropanın tanınmış qapıçıları da səhvlər edirlər. Amma o demək deyil ki, qapıçı transfer edilmədi deyə, bunlar baş verdi. Rza millinin qapıçısıdır. Emil Balayev də. Gənc qapıçılarımız da var. Azərbaycanlılar var ki, onların üzərində işləmək, inkişaf etdirmək daha faydalıdır, nəinki kənardan kimisə gətirmək. Bu, milli üçün də faydalı olacaq”.


