Kanadanın qadınlardan ibarət yığmasının oyunçusu Kuinn Dünya Kuboku oyununda meydana çıxmış ilk transseksual və qeyri-binar oyunçu olub.
Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.
Kanadalı futbolçu hazırda Avstraliya və Yeni Zelandiyanın birgə təşkilatçılığı ilə keçirilən qadınlar arasında dünya çempionatının oyununda artıq meydana çıxıb. O, Nigeriyanın qadınlardan ibarət yığma komandası ilə oyuna start heyətində başlayıb və görüşün bütün 90 dəqiqəsini oynayıb. Amma komandasının qələbəsinə töhfə verə bilməyib – oyun “quru” bərabərliklə başa çatıb – 0:0.
Bu, Kuinin Kanada qadın yığmasının heyətində hər hansı beynəlxalq yarışda nail olduğu ilk müvafiq göstərici deyil. 27 yaşlı futbolçu həmçinin Kanada yığmasının qızıl medal qazandığı Tokio-2020 Yay Olimpiya Oyunlarında oxşar nailiyyət əldə etmişdi.
Keçmiş adı Rebekka olan futbolçu transseksual olması ilə yanaşı, həm də gender şəxsiyyətini qeyri-binar olaraq müəyyənləşdirib, yəni Kuinn özünü nə kişi və nə də qadın olaraq bilir.
2023-cü il qadınlar arasında dünya çempionatı iyulun 20-dən avqustun 20-dək olan müddəti əhatə edir. Dünya Kubokunun ev sahibləri Yeni Zelandiya və Avstraliyadır. ABŞ cari dünya çempionudur. ABŞ həm də dördqat dünya çempionu olmaqla yanaşı, müvafiq göstəricidə mütləq rekordun sahibidir. Amerikalı xanımlar 1991, 1999, 2015, 2019 turnirlərində çempionluğu bayram ediblər.



