Çelyabinskdə qaradərili hakimlə döyüşmüş “Bajov” həvəskar komandasının erməni futbolçusu ömürlük diskvalifikasiya edilib.
Arena.az xəbər verir ki, müvafiq qərarı qalmaqallı məqamın yaşandığı Şimal-Qərb Liqasının Nəzarət və İntizam Komitəsi verib.
NİK-in qərarına əsasən “Bajov” və “Katren” komandaları arasındakı oyunda hakimə qarşı yolverilməz davranışına görə “Bajov”un futbolçusu Telman Sncoyan “Şimal-Qərb 8×8 Liqası”nda iştirakdan ömürlük kənarlaşdırılıb. Həmçinin “Bajov” komandasına 5 min rubl məbləğində pul cəriməsi kəsilib.
Xatırladaq ki, “Bajov” və “Katren” komandaları arasında oyun gərgin mübarizə şəraitində keçib, hisslər əndazəsini aşıb. Hansısa məqamda məğlub olan “Bajov”un hücumçusu Tital Sncoyan qırmızı vərəqə alıb. Hakimin bu qərarı cəzalandırılmış futbolçunun qardaşını – komandanın kapitanı Telman Sncoyanı qəzəbləndirib. Qısa söz atışmasından sonra Telman Sncoyan yumruqlarını düyünləyərək, oyunu idarə edən qaradərili kamerunlu hakim Jorj Maksimə hücum çəkib.
Maraqlıdır ki, buraxılmış ilk zərbədən sonra hakim döyüşü qəbul etmək qərarına gəlib və mübarizə vəziyyəti alaraq, əlbəyaxa döyüş duruşunu tutub. Amma qüvvələrin qeyri-bərabər olduğu üzə çıxıb və Telman Sncoyan hakimi qazona yıxıb. Döyüşən tərəfləri digər oyunçuların səyi ilə ayırmaq mümkün olub. Hadisədə ciddi xəsarət alan olmayıb.
Məsələ polisə çatıb, amma Jorj Maksim təqsirkarı şikayət etməkdən imtina edib və ifadə yazmayıb.


