Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının portuqal hücumçusu Kristiano Ronaldo karyerasında 850-ci qolunu vurub.
Arena.az xəbər verir ki, superulduz futbolçu bu göstərici üzrə mütləq rekordçudur.
Rekord Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 5-ci turu çərçivəsində “Əl-Həzm”in “Əl-Nəsr”i qəbul etdiyi oyunda gerçəkləşib. Oyun qonaqların 5:1 hesablı inamlı qələbəsi ilə başa çatıb. Kristiano bu oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Rekordu münasibəti ilə Ronaldo özünün “Twitter” hesabı üzərindən paylaşım edib:
“Daha bir möhtəşəm komanda çıxışı! Biz təkmilləşməyə davam edirik. Karyeramda 850 qol və bu, hələ son deyil”, deyə Ronaldo iddiasını qabardıb.
Ümumiyyətlə cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində yüksək məhsuldarlıq nümayiş etdirir: 5 oyun, 6 qol, 5 məhsuldar ötürmə.
Bundan əvvəl, Kristiano Ronaldo digər bir rekorda nail olmuşdu. Portuqal hücumçu milli liqalarda 517-ci qolunu vuraraq yeni dünya rekordu müəyyənləşdirmişdi.
Ronaldo 2023-cü ilin yanvarında “Mançester Yunayted” rəhbərliyi və komandanın məşqçilər qərargahı ilə anlaşılmazlıq üzündən “qırmızı şeytanlar”dan ayrılaraq, “Əl-Nəsr”a keçib. Ərəbistan klubunda Ronaldo futbolçu transferi zamanı məşqçilər qərargahına təcrübi məsləhətlər vermək və komandanın oyun taktikası ilə bağlı birbaşa fikir yürütmək səlahiyyətinə malikdir. Portuqal superulduz həm də komandanın kapitanı və lideridir. O, indiyə qədər “Əl-Nəsr”də bütövlükdə 24 oyuna çıxıb, 20 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 38 yaşlı Kristiano Ronaldonu 15 milyon avro məbləğində qiymətləndirir.


