Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 36 yaşlı futbolçunun komandası MLS çərçivəsində doğma meydanda “Toronto” ilə qarşılaşıb və 4:0 hesablı qələbəyə sevinib.
Argentinalı ulduz bu oyuna start heyətdə başlasa da, 37-ci dəqiqədə əvəzlənib. Bundan 2 dəqiqə öncə onun digər komanda yoldaşı Jordi Alba da meydanı erkən tərk edib. Hesab isə onlar meydanı tərk edəndən sonra, 45+3-cü dəqiqədə açılıb.
“İnter Mayami”nin argentinalı baş məşqçisi Xerardo Martino matçdan sonra onların erkən əvəzlənməsinə aydılıq gətirib:
“Messi və Alba bu gün oynamağa hazır olduqlarını düşünürdülər, amma yorğunluq özünü büruzə verdi və narahatlıq hiss etdilər. Zədə baxımından orada ciddi bir şeyin olduğunu düşünmürük”.
“Alba və Messinin növbəti oyunda “Orlando” ilə oynamaq imkanı yoxdur (25 sentyabr – redaktorun qeydi). Finala (ABŞ Kuboku, 28 sentyabr) gəlincə, onların oynayıb-oynamayacağını bilmirəm”, – deyə Martino bildirib.
Xatırladaq ki, Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Cari ilin yay transfer pəncərsində argentinalı ulduz parislilərdən azad agent qismində ayrılaraq MLS təmsilçisi “İnter Mayami”yə keçib. Amerikan kulubu Messi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Lionel Messi “İnter Mayami”nin heyətində 12 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.
“Tansfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


