“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo Asiya Çempionlar Liqası çərçivəsində İran səfərindən sonra cənub qonşumuza təşəkkür ünvanlayıb.
Arena.az xəbər verir ki, “Əl-Nəsr”in “Persepolis” üzərində qələbəsindən (2:0) sonra ulduz futbolçu sosial şəbəkə üzərindən yüksək əhval-ruhiyyədə məzmun paylaşıb:
“Bu gün qələbəyə nail olduğumuz üçün şadam. Azarkeşlərə və bütün İran xalqına xüsusi təşəkkürlər. Onlar bu səfəri bizim üçün xüsusi etdilər. Belə inanılmaz isti qəbul idi”, deyə portuqal superulduz duyğularını ifadə edib.
Xatırladaq ki, İran səfəri Kristiano Ronaldo üçün əlamətdar olub. Belə ki, əfsanəvi futbolçu “Persepolis”lə oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməsə də, komandasının qələbəsi sayəsində 1000-ci dəfə meydandan məğlub olmadan ayrılıb (776 qələbə və 224 heç-heçə). Təcrübəli forvard karyerası ərzində bütövlükdə 1182 rəsmi matçda forma geyinib və 182 dəfə məğlubiyyət acısı dadıb.
Oyundan öncə isə “Persepolis” rəhbərliyi klub adından Ronaldoya qiymətli bəxşiş – xalça hədiyyə edib. Gözəl naxışlarla işlənmiş İran xalısı portuqal superulduzun iqamətgahını bəzəyəcək.
Üstəlik, “Persepolis” tərəfindən Ronaldo və “Əl-Nəsr”in digər futbolçularına internetə məhdudiyyətsiz çıxış imkanı olan xüsusi SIM-kartlar təqdim edilib.
Ronaldo həmçinin onunla görüşə bilməyən azyaşlı azarkeşini şəxsən otelə dəvət edərək, balacaya sevinc dolu anlar bəxş edib.
Bütün bu hadisələr böyük izdihamın müşayiəti və diqqəti mənzərəsində baş verib. “Əl-Nəsr” İranda olduğu müddətdə yerli azarkeşlər Ronaldoya xüsusi diqqət və pərəstiş nümayiş etdiriblər.


