Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ölkəsinin mətbuatına açıqlama verib.
Arena.az xəbər verir ki, 67 yaşlı mütəxəssis AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrda keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb.
Belçikaya Bakıdakı məğlubiyyəti yada salan italyan mütəxəssis növbəti matçlarda üz-üzə gələcəkləri rəqiblər barədə də fikir bildirib:
“Qarşıdakı oyunlarda öz vəzifəmizi yerinə yetirməyə çalışacağıq. Uğursuz buraxdığımız qol səbəbindən Belçikaya 0:1 hesabı ilə uduzduq. Amma yaxşı oynamışdıq. Bu, bizim səviyyəmizdəki komandaların kiçik çatışmazlığıdır. İndi bizim üçün əlçatan Estoniya və əlçatmaz Avstriya ilə qarşılaşacağıq”.
Qeyd edək ki, oktyabrın 13-də səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan millisi üç gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanı qəbul edəcək.
Xatırladaq ki, Canni De Byazi 2020-ci ilin 30 iyunundan Azərbaycan milli komandasına rəhbərlik edir. Yığmamız onun rəhbərliyi altında 35 oyun keçirib. Komanda bu oyunlarda 8 qələbə qazanıb, 8 heç-heçə edib və 19 məğlubiyyətə üzülüb. AFFA rəhbərliyi sonuncu dəfə 2022-ci ilin oktyabr ayında onunla bir illik yeni müqavilə bağlayıb. Müqaviləyə əsasən, De Byazi AÇ-2024-ün seçmə mərhələsinin sonuna – 2023-cü ilin 30 noyabrına qədər yığmamıza rəhbərlik etməlidir.


