Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Xorvatiya çempionatının 10-cu turu çərçivəsində əsas rəqiblərindən olan Split “Hayuk”u ilə qarşılaşıb.
Səfərdə baş tutan bu oyun Zaqreb təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 0:1.
Mahir bu matça start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 25-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Cari mövsümdə 3 qol vurub, 2 məhsuldar ötürmə etmiş Emreli bu dəfə başqa nə iləsə yadda qala bilməyib.
Son Xorvatiya çempionu olan “Dinamo” 10 turdan sonra 16 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. “Hayduk” isə 21 xalla vahid lider olub.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 36 matça çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.


