“Əl-Nəsr”in portuqal superulduzu, hücumçu Kristiano Ronaldo gələcəklə bağlı planları ilə bağlı sualı cavablandırıb.
Arena.az “O Jogo” dərgisinə istinadən Ronaldonun müvafiq xüsusda fikirlərini təqdim edir:
“Azarkeşlər məni sevindirir və mən də cavab verirəm. Bu və növbəti mövsümdə oynamağa davam edəcəyəm, sonra bədənimə baxıb, davam edib-etməyəcəyimi düşünəcəyəm. Məni zirvəyə gətirən zəhmətdir”, deyə Ronaldo fəxrlə bildirib.
Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 12 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar verib.
Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 203 oyun keçirib, 127 qol vurub və 45 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. O, yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.


