Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 38 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 11-ci turu çərçivəsində “Əl-Feyha” ilə qarşılaşıb.
Ronaldo ilə meydana çıxmış “Əl-Nəsr” rəqibi üzərində 3:1 hesablı inamlı qələbə qazanıb. Səfərdə baş tutan oyunun birinci hissəsi qolsuz bitib. 50-ci dəqiqədə Anderson Taliska oyunda hesabı açaraq, “Əl-Nəsr”i önə çıxarıb. 61-ci dəqiqədə Taliska ikinci qolunu vuraraq, qonarların üstünlüyünü təmin edib. Amma beşcə dəqiqə sonra, 66-cı dəqiqədə Hüseyn Əl-Şüveyş fərqlənərək, meydan sahiblərinin ümidləndirib. 74-cü dəqiqədə isə Otavio hesab arasındakı fərqi yenidən artıb – 3:1.
11 turdan sonra “Əl-Nəsr” 25 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Əl-Feyha” 14 xalla 8-ci yerdədir. Səudiyyə Ərəbistanı Peşəkar Liqasına 29 xalla “Əl-Hilal” başçılıq edir.
90 dəqiqə meydanda olan Ronaldo bu dəfə fərqlənə bilməsə də, 11 qolla çempionatın ən sərrast, 6 məhsuldar ötürmə ilə ən səmərəli futbolçuları arasında liderdir.
Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 14 oyuna çıxıb, 14 qol vurub, 8 məhsuldar verib.
Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 203 oyun keçirib, 127 qol vurub və 45 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. O, yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.


