Cənubiamerikan Kubokunun qalibi bəlli oldu – Video

Uruqvayın Maldonado şəhərində, “Dominqo Burqenyo” stadionunda qitənin ikinci böyük klub turniri – Cənubiamerikan Kubokunun finalı keçirilib.

Arena.az məlumat verir ki, 2023-cü il mövsümü Cənubiamerikan Kubokunun finalında Braziliyanın “Fortaleza” və Ekvadorun “LDU Kito” komandaları üz-üzə gəliblər.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar qol vura bilməyiblər. Penaltilər silsiləsində isə “LDU Kito” 4:3 hesablı qələbəyə sevinib.

Vurğulayaq ki, “Fortaleza”nın məğlubiyyəti gözlənilməz qarşılanıb.

Oyunda hər iki qola argentinalı futbolçular imza atıblar. “Fortaleza”nın heyətində Xuan Lusero 48-ci dəqiqədə, “LDU Kito”da isə Lisandro Alzuqaray 56-cı dəqiqədə fərqlənib.

“Fortaleza”nın turnirin finalında ilk dəfə çıxış edib. Ekvador təmsilçisi isə üçüncü finalında iştirak edib. 2009-cu ildə “LDU Kito” həlledici oyunda Braziliyanın “Fluminense” komandasına qalib gəlib. 2011-ci ildə ekvadorlular Çili təmsilçisi “Universidad de Çili”yə məğlub olublar.

Xatırladaq ki, ötən mövsümdə də Cənubiamerikan Kubokunun həlledici oyununda Ekvador və Braziliya komandaları qarşılaşmışdılar. Həmin oyunda da gözlənilməz nəticə qeydə alınmışdı. “İndependyente del Valye” “San-Paulu”nu 2:0 hesabı ilə məğlub edə bilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: