Azərbaycanlı yarımmüdafiəçi, “Neftçi”nin yetirməsi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Latviya çempionatının 35-ci turu çərçivəsində baş tutan “Liepaya” ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan qələbə ilə ayrılıb – 2:1.
Ramin bu matça start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da azərbaycanlı yarımmüdafiəçi vurub. O, 36-cı dəqiqədə fərqlənməklə həm də matçda hesabı açıb.
“Dauqavpils” 35 turdan sonra 36 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. O, indiyə qədər bu komandanın heyətində 36 oyuna çıxıb, 3 qola və 4 assistə imza atıb.


