Kristiano Ronaldo yenə qol vurdu, “Əl-Nəsr” qalib gəldi – Video

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 13-cü turu çərçivəsində “Əl-Vəhda” ilə qarşılaşıb.

Oyun “Əl-Nəsr”in meydan sahibi üzərində 3:1 hesablı qələbəsi ilə başa çatıb. Birinci hissənin əvvəlində, 11-ci dəqiqədə Aleks Telles oyunda hesabı açaraq, “Əl-Nəsr”i irəli çıxarıb. 39-cu dəqiqədə Abdulela Əl-Əmri qonaqların üstünlüyünü artırıb. Fasilədən sonra, 50-ci dəqiqədə “Əl-Nəsr”in portuqal ulduzu Ronaldo üçüncü topu meydan sahiblərinin qapısına göndərib. “Əl-Vəhda” 81-ci dəqiqədə Anselmonun vurduğu qolla təsəlli tapıb.

Qələbə sayəsində “Əl-Nəsr” 31 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və 4 xal geri qaldığı lider “Əl-Hilal”ı daban-daban təqib edir. “Əl-Vəhda” isə 16 xalla 9-cu pillədədir.

Kristiano Ronaldo cari mövsümdə Səudiyyə Peşəkar Liqasında vurduğu 13 qolla yarışın ən sərrast futbolçusudur. Portuqal hücumçunun həmçinin 7 məhsuldar ötürməsi var və bu göstərici üzrə də Ronaldo liderdir. Beləliklə qol və məhsuldar ötürmə cəminə görə 20 xal toplamış Ronaldo turnirin ən səmərəli futbolçusudur.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 17 oyuna çıxıb, 16 qol vurub, 9 məhsuldar verib.

Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 203 oyun keçirib, 127 qol vurub və 45 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. O, yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: